No icon

https://youtu.be/KVL87F-yQpw

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Uçuş və texniki heyətlə görüşən müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Nazirliyinin yaydığı fotolarda Rusiya istehsalı olan Mi-35M helikopteri yer alıb. Bildirək ki, Mi-35M helikopteri – Rusiya istehsalıdır. Qiyməti 36 milyon dollardır. Çəkisi 8360 kq, heyəti 2 nəfərdir. 2200 at gücündə mühərrikə sahib Mi-35M-in maksimum sürəti 300 km/saat, gediş uzaqlığı 550 km, uçuş hündürlüyü 5400 metrdir.

Qiymət baxımından dünyanın ən baha helikopterlər siyahında hazırda yer almaqdadır. Qeyd edək ki, Azərbaycan indiyədək Rusiyadan 24 ədəd Mİ-35M helikopteri alıb. 2012-ci ildə əldə etdiyi 2 ədəd Mİ-35M helikopterlərinin həmin ildə də snaq uçuşlarını həyata keçirib. Mətbuatda yayılan informasiyalara görə, 2017-ci ilin may ayında Moskva şəhərində keçirilən "HeliRussia-2017" Beynəlxalq sərgisi çərçivəsində "Rusiya Vertolyotları" şirkəti ilə "Azərbaycan Hava Yolları" QSC və "Silk Way Group" arasında Azərbaycanda servis mərkəzinin yaradılmasına dair müzakirələr aparılıb. Müzakirələrdə "Rusiya Vertolyotları" şirkətinin baş direktoru Andrey Boqinski, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, "Silk Way Group" şirkətlər qrupunun prezidenti Zaur Axundov, həmçinin "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov iştirak edib.

Tərəflər Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın XVI iclasının qərarlarının icrası çərçivəsində Azərbaycanda Rusiya və sovet istehsalı mülki və hərbi helikopterin təmiri üzrə xidmət mərkəzinin açılışı layihəsinin reallaşdırılmasına marağı ifadə ediblər. Məlumat üçün bildirək ki, sözügedən layihə üzrə birgə iş 2016-cı ildə başlanıb. ADEX-2016 sərgisi zamanı "Rusiya Vertolyotları" şirkəti və "Silk Way Helicopter Services" MMC Azərbaycanda Mi-8/17 tipli Rusiya istehsalı olan mülki helikopterlərə xidmət mərkəzinin açılışı haqqında razılaşmanı imzalayıb. Müqavilənin reallaşdırması məqsədi ilə 2017-ci ilin başlanğıcında Rusiya və Azərbaycan mütəxəssisləri Heydər Əliyev beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərəcək mərkəzin yaradılması imkanını nəzərdən keçiriblər. Bu gün müzakirələrin davamı olaraq "HeliRussia-2017" sərgisi çərçivəsində "Rusiya Vertolyotları" şirkəti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri "Azərbaycan Respublikasının ərazisində Rusiya və sovet istehsalı olan mülki helikopter texnikasının təmirini həyata keçirən xidmət mərkəzinin təşkili layihəsi üzrə 2017-ci ildə həyata keçiriləcək əsas tədbirlərin Planını" imzalayıblar. Xatırladaq ki, hazırda Azərbaycan Sovet/Rusiya istehsalı olan Mi-8/17 markalı mülki və hərbi nəqliyyat, habelə Mi-24 və Mi-35M döyüş helikopterlərinə sahibdir.

Comment